logo khamenei

Xəbər

İran İslam Respublikasının üçüncü İnqilab Rəhbərinin təyin olunması haqqında Xübrəqan Məclisinin bəyanatı

İran İslam Respublikasının üçüncü İnqilab Rəhbərinin təyin olunması haqqında Xübrəqan Məclisinin bəyanatı

Xübrəqan Məclisi geniş və dəqiq araşdırmalardan sonra, Konstitusiyanın 108-ci maddəsini rəhbər tutaraq, şəri vəzifəyə əsasən və özünü Allah-təala qarşısında məsul bilərək, bugünkü fövqəladə iclasda hörmətli nümayəndələrin qəti səsi ilə Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) həzrətlərini İran İslam Respublikasının müqəddəs quruluşunun üçüncü rəhbəri kimi seçir və təqdim edir.

Bağışlayan və mehriban Allahın adı ilə

İran İslam Respublikasının şərəfli və azad ruhiyyəli xalqı! Allahın salamı və rəhməti sizə olsun.

Xübrəqan Məclisi böyük şəxsiyyət, uca məqam sahibi İmam Həzrət Ayətullah Xameneinin şəhadəti (Allah pak nəfsini müqəddəs etsin) və digər dəyərli şəhidlərin, xüsusilə Silahlı Qüvvələrin ali məqamlı və fədakar komandirlərinin, həmçinin Minab şəhərinin “Şəcəreyi-Təyyibə” məktəbinin şagirdlərinin şəhadəti münasibətilə başsağlığı verir, eyni zamanda cinayətkar Amerika və xəbis sionist rejimin vəhşicəsinə təcavüzünü qətiyyətlə pisləyərək bildirir ki, bu məclis müdrik və uzaqgörən İnqilab rəhbərinin şəhadəti və İlahi aləmə qovuşması xəbəri yayıldıqdan dərhal sonra düşmənlərin bu xalq qurumuna qarşı birbaşa təhdidləri, Xübrəqan Məclisinin ofislərinin bombardmanı və nəticədə bu qurumun bəzi əməkdaşları və mühafizə heyətinin şəhadətinə baxmayaraq, İslam quruluşu üçün rəhbərin seçilməsi və təqdim olunması prosesində bir an belə tərəddüd etməmişdir.

Konstitusiyada və Xübrəqan Məclisinin daxili nizamnaməsində göstərilən vəzifələrə əsaslanaraq fövqəladə iclasın keçirilməsi və yeni rəhbərin təqdim edilməsi üçün lazımi tədbirlər görülmüş, ölkənin müxtəlif bölgələrində olan hörmətli nümayəndələrin toplanması üçün uyğun planlaşdırma və koordinasiya aparılmışdır ki, Konstitusiyanın 111-ci maddəsində müvəqqəti şuranın yaradılması üçün nəzərdə tutulmuş tədbirlərə baxmayaraq, ölkə rəhbərlik boşluğu ilə üzləşməsin.

Xübrəqan Məclisi qeyb dövründə Həzrət Əsrin Vəlisinin (Allah şərafətli zühurunu tezləşdirsin) zamanında Vilayəti-fəqih məqamının uca mövqeyini və İslam Respublikasında rəhbərlik məsələsinin əhəmiyyətini yüksək qiymətləndirərək, İnqilabın iki imamının 47 illik müdrik, izzət, müstəqillik və qüdrət prinsipinə əsaslanan idarəçiliyini ehtiramla yad edir.

Bu İlahi və xalqın içindən olan rəhbərlərin xatirəsini əziz tutaraq bildirir ki, Xübrəqan Məclisi geniş və dəqiq araşdırmalardan sonra, Konstitusiyanın 108-ci maddəsini rəhbər tutaraq, şəri vəzifəyə əsasən və özünü Allah-təala qarşısında məsul bilərək, bugünkü fövqəladə iclasda hörmətli nümayəndələrin qəti səsi ilə Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) həzrətlərini İran İslam Respublikasının müqəddəs quruluşunun üçüncü rəhbəri kimi seçir və təqdim edir.

Sonda Konstitusiyanın 111-ci maddəsinə əsasən yaradılmış müvəqqəti şuranın üzvlərinə təşəkkürünü bildirərək, bütün şərəfli İran xalqını, xüsusilə hövzə və universitetlərin alimlərini və ziyalılarını rəhbərə beyət etməyə və vilayət ətrafında birlik və həmrəyliyi qorumağa çağırır.

Uca Allahdan bu ölkə və böyük xalq üzərində Öz lütf və inayətinin davam etməsini diləyir.

Mar. 8, 2026